ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Ayətullah əl-üzma Seyid Əli Sistani (ömrü uzun olsun) cənablarının bir qrup mömin gəncin məktubuna cavablanan tövsiyələri

Bismilləhir-Rahmənir-Rahim
Aliməqam mərcəyi-təqlid Ayətullah əl-üzma Seyid Əli Sistani (ömrü uzun olsun) cənablarını səmimi salamlayırıq!
Biz bir qrup tələbəvə ictimai fəal, Alicənabdan günümüzdə işimizə yarayan və cəmiyyətdə gənclərin rolunu, vəzifələrini müəyyən edəcək tövsiyə və nəsihətlərinizi, eləcə də nəzərinizdə bizə faydalı görünən digər məqamları bildirmənizi xahiş edirik!

Bir qrup tələbə və ictimai fəal


Bismilləhir-Rahmənir-Rahim
Əlhəmdulilləhi Rabbil-aləmin vəs-səlatu vəs-səlamu əla Muhəmmədin  və Alihit-tahirin!
Əssəlamu ələykum və rahmətullahi və bərakətuh!


Sizəziz cavanlara aid məsələlər mənə şəxsi və ailə məsələlərim qədər əhəmiyyətlidir. Sizin üçün insanın dünya və axirət həyatında tam səadətini zəmanət edən səkkiz tövsiyəm vardır. Qeyd edəcəyim tövsiyələr Allah-taalanın bəşərə göndərdiyi kəlamların, hikmət sahibləri və saleh insanların öyüdlərinin xülasəsi, şəxsi elm və təcrübəmin nəticəsidir:

1. Allah-taalaya və axirətə düzgün etiqadın qaçılmazlığı
Bu həqiqətin isbatına dair göstərilən aydın dəlillər və İslam dininin bu xüsusda hökmlərindən sonra kimsə bu mövzuya süst yanaşmamalıdır. Bir anlıq düşüncə yetər ki, insan bu kainatın tək-tək varlığının yaranmış olduğunu və güclü, böyük Xaliq tərəfindən xəlq edildiyini dərk etsin. Allah-taala bu məqamı xatırlatmaq üçün peyğəmbərləri vasitəsilə mütəmadi xəbərlər, peyğamlar göndərmiş və həmin xəbərlərdə bəndələrinə bildirmişdir ki,əslində həyat kimin daha yaxşı əməl sahibi olduğunu göstərmək üçün bir imtahan meydanıdır. Demək, Allah-taala və axirət gününə laqeyd və iman gətirməyən kəs, həyatın məna və qayəsindən qəflət etmiş, ondakı dinamikliyin sirrini anlamamışdır.
Bu əsasla sizin hər birinizin vəzifəsi bu mövzuda inamınızı qorumaq,həqiqətən dəson dərəcə əhəmiyyətliməsələ olan bu əqidənizi ən dəyərli şəkildə qiymətləndirməkdir. Əslində gərək çalışasınız ki, bu əqidənizə olan yəqinliyiniz və onun dəyəri sizdə elə artsın ki, sanki həmişə onun önündə durmusunuz və o da öz nüfuzlu, iti baxışları ilə sizə nəzarət edir. Atalar sözündə olduğu kimi: “Səhər açıldıqda, gecə müsafirini mədh edərlər!”.
Gənclik dövründə sizlərdən biri din və imanında zəiflik hiss etsə, məsələn, vacib əməlləri yerinə yetirmək ona ağır gəlsə və ya dünya ləzzətlərinə rəğbət göstərsə, buna rəğmən Allahla əlaqəsini tam kəsməməli, nəticə etibarı ilə dönüş imkanından məhrum olmamalıdır. İnsan bilməlidir ki, güclü və sağlam vaxtlarında sağlamlığına güvənib Allahın göstərişlərinə itaət etməsə, qocalıb əldən düşəndən və xəstələnəndən sonra ona dönməkdən başqa çarəsi olmayacaq. Odur ki, qısa müddətli gəncliyin ilkçağından qalan həyatında gözlənilən zəiflik, süstlük, xəstəlik və qocalığa bir tədbir görməlidir.
Məbada insan həllini tapmaqda səbirli davranmadığı şübhələrə uymaq, xam xəyallara arxalanmaq, ləzzət və əyləncələrdən təsirlənmək nəticəsində, yaxud dindən sui-istifadə edən bəzi kəslərdən incidiyinə görə öz yanlış rəftar və davranışını qanuni qələmə versin və bu əsasla dinin sabit prinsiplərində şəkk etsin. Çünki həqiqət camaatın rəftarı ilə ölçüləcək şey deyil, əksinə şəxsiyyətləri həqiqətlə yoxlamaya çəkmək gərəkdir.

2. Gözəl əxlaqa yiyələnmək
Xoşxasiyyətlilik çox-çoxfəzilətləri, o cümlədən, hikmət, təfəkkür, müdara, təvazökarlıq, uzaqgörənlik, dözümlülük, səbirlilik və s. dəyərləri özündə ehtiva etdiyinə görə dünya və axirət səadətinin ən başlıca amillərindən sayılır. İnsanların əməl tərəzisi qurulduğu gün, Allaha daha yaxın şəxs və əməl tərəzisi daha ağır olan kəs, gözəl əxlaqa yiyələnəndir. Deməli, sizlərin hər biri valideyn, övlad, dost və digər insanlarla rəftarda əxlaqına düzəliş verməlidir, özündə qüsur gördüyü halda nəfsini özbaşına buraxmayıb, əksinə ondan hesab çəkməli, hikmətlə öz məqsədinə doğru sövq etdirməlidir. Nəfsi tabe olmadığı təqdirdə isə, məyus olmayıb çətinlik hesabına da olsa, öz əxlaqını gözəlləşdirsin, çünki “hər kim bir millətin xislətini özünə qəbul etdirsə, nəticədə onlardan biri olar!”. Allah-taalanın yanında belə bir şəxsin çalışması, fitrətən və daxilən bu sifətdə olan şəxslə müqayisədə daha çox savaba malikdir.

3. Bir peşənin düzgün öyrənilməsi, ixtisas sahibi olmaq uğrunda səy göstərmək, buna çatmaqdan ötrü nəfsi zəhmətə salıb əziyyət və çətinliklərə qatlaşmaq
Bu işin bir çox bərəkətləri vardır: insanın boş vaxtlarının bir hissəsini doldurar, bu yolla özünün və ailəsinin xərcini təmin edə bilər, ictimaiyyətə fayda verər, xeyir işlərə dəstək olar, fikir yürüdən, məharət aşılayan təcrübələr qazanar və sərmayəsi paklanar. Çünki sərmayə hər nə qədər zəhmətlə ələ gələrsə, onun paklığı və bərəkəti də bir o qədər çox olar. Bundan əlavə Allah-taala kəsbkarlıqla məşğul olanzəhmətkeşinsanı sevir, digər tərəfdən də, işsiz, başqalarına yük olan faydasız, yaxud vaxtını əyləncədə tələf edən insanı bəyənmir. Belə isə, gənclik dövrünüzü peşə və ya ixtisas öyrənməyə sərf edin, çünki uca Yaradan gənclərdə fiziki və mənəvi potensiallar qərar verib ki, onlardan yararlanmaqla öz həyat sərmayələrini əldə edə bilsinlər. Bəs, etinasızlıq üzündən və vaxtı boş yerə keçirməklə cavanlığınızın hədər getməsindən çəkinin!
Sizlərdən hər biri öz peşə və ixtisasına mahirlik həddində yiyələnmək üçün ona əlaqə göstərib cidd-cəhd etməlidir.Ona görə, bilmədikləri şeylər barədə rəy bildirməməli və naşılıqla iş görməməlidir. Əksinə, bacarıq və məlumatı olmayan məqamlarda üzrxahlıq bildirməli, yaxud da daha savadlı birinə müraciət etməlidir. Bu, onun özünə xeyirli və başqalarının etimadını qazanması üçün daha yaxşıdır. İnsan öz vəzifəsini sevgi, yaradıcılıq və rəğbətlə yerinə yetirməlidir. Bütün cəhdi – qanunsuz yolla olsa belə – maddi qazanc əldə etmək olmamalıdır, çünki nə qədər olsa belə, haram malın bərəkəti yoxdur. Hər kəs sərmayəsini haramdan yığarsa, Allahın onu bəlaya salmayacağı və o da məcbur qalıb qazancını min əzab-əziyyətlə bu yolda sərf etməyəcəyindən heç də xatircəm olmasın!Belə bir mal insana dünyada zənginlik gətirmədiyi kimi,axirətdə də onun vəbalına səbəb olacaqdır.
Sizlərdən hər biri özü ilə başqaları arasında vicdanını meyar qərar versin. Özü üçün necə çalışırsa və ya başqalarının onun üçün necə iş görməsini umursa, başqaları üçün iş gördükdə özü də elə çalışsın. Allahdan xeyir-bərəkət dilədiyi kimi, özü də başqalarına xeyirxahlıq göstərsin. Daim iş dairəsinin etikasını vədəyərlərini nəzərində saxlasın, ifşasından xəcalət çəkdiyi xoşagəlməz üslublara əl atmasın. Bilsin ki, hər bir işçi – istər sadə, istərsə də mütəxəssis – ona işlə bağlı təklif və müraciət edənin əmanətdarıdır. Belə isə, ona qarşı xeyirxah olmalı, qəsdən olmasa belə haqqında xəyanət etməməlidir.Çünki Allah-taala ona göz qoyur və işlərinə nəzarət edir, geci-tezi başqalarının haqqını ondan alacaq. Həqiqətən, Allah-taala yanında ən pis iş, xəyanət və əhdi pozmaqdır, hansı ki, sonu və aqibəti də ən təhlükəlidir.
Sənət sahibləri arasında, xüsusilə camaatın bədəni və canı ilə işləyən həkimlər bu nəsihətlərə daha çox diqqət etsinlər.
Beləliklə, sonu pis nəticələnəcək sözügedən məqamları boyun ardına vurmaqdan qəti çəkinsinlər, “sabah, onu görən üçün yaxındır!”.
Allah-taala buyurur:

(وَیْلٌ لِلْمُطَفِّفِینَ * الَّذِینَ إِذَا اکْتَالُوا عَلَی النَّاسِ یَسْتَوْفُونَ * وَ إِذَا کَالُوهُمْ أَوْ وَزَنُوهُمْ یُخْسِرُونَ * أَلایَظُنُّ أُولَئِکَ أَنَّهُمْ مَبْعُوثُونَ)
“Vay olsun, əskik satanlara! O kəslər ki, camaatdan (ölçü ilə bir şey) aldıqda, onu tam ölçüb alarlar. Onlar üçün (bir şey) ölçdükdə və ya aldıqda isə (onu) əskildərlər. Məgər güman etmirlər ki, (bir gün) dirildiləcəklər?”

Peyğəmbər Əkrəmdən (sallallahu əleyhi və alih) belə bir hədis nəql edilir:

"إنَّ اللهَ تَعالی یُحِبُّ إذا عَمِلَ أحدُکُم عَمَلاً أن یُتقِنَه"
Həqiqətən, Allah-taala sevir ki, sizlərdən biri iş gördükdə, onu ən gözəl şəkildə yerinə yetirsin”.

Universitet müəllim və tələbələri öz ixtisasları üzrə, xüsusilə tibb sahəsində gərək digər elm mərkəzlərinin nailiyyətlərindən xəbərdar olmaqla, öz ixtisasları üzrə elm və praktikalarını müasir elmi səviyyəyə çatdırsınlar. Onlar, dahafaydalı elmi məqalələr və yeni uğurlar töhfə verməklə, elm inkişafına xidmət etməyə borcludurlar. Mövcud imkanlar sayəsində digər elmi mərkəzlərlə rəqabət aparmalı, elm təhsilində başqasına şagirdlik etmək, onların avadanlıq və təchizatından istifadə etməklə kifayətlənməməli, əksinə uzaq keçmişdə bu sahədə söz sahibi olan öz müdrik ata-babaları kimi elmin kəşfi və inkişafında, ondan faydalanmaqda fəal iştirak etsinlər. Bu sahədə heç bir xalq digər xalqdan üstünlük daşımır.
Başqalarından aşkar formada fərqlənən fitri-istedadlı, zirək, üstün yeniyetmə və gənclərdəki mövcud parlaq potensiallara, hətta əgər zəif təbəqələrdən olsalar belə, dəstək vermək sizə vacibdir. Öz övladlarınıza hami olduğunuz kimi, onların əlindən tutub səmərəli elm və biliyin ali mərtəbələrinə çatana qədər yardım göstərin. Beləcə, onlara yazılan savab sizə də yazılsın, cəmiyyət və gələcək nəsillər onların elmindən bəhrə götürsün.

4. Bəyənilən rəftar və əxlaqa riayət etmək, xoşagəlməz işlərdən çəkinmək
Hər bir xeyir və səadət yalnız fəzilətlərə söykənir, bütün pislik və bədbəxtliklər isə rəzillikdən qaynaqlanır – əlbəttə, Allahın öz bəndəsini sınağa çəkdiyi bəzi hallar istisnadır. Allah-taala bu barədə necə də gözəl buyurur:

(وَ مَا أَصَابَکُمْ مِنْ مُصِیبَةٍ فَبِمَا کَسَبَتْ أَیْدِیکُمْ وَیَعْفُو عَنْ کَثِیرٍ)
“Sizə yetişən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! O, (hələ onların) çoxundan keçir”.

Bəzi bəyənilən keyfiyyətlər bunlardır: nəfslə hesablaşma, zahiri görünüşdə, baxmaqda, əməl və rəftarda iffət və paklıq, danışıqda doğruluq, qohum-əqrəbanı yoxlamaq, əmanətdarlıq, əhd-peymana vəfadarlıq, haqqın tərəfdarı olmaq, pis rəftar və davranışlardan çəkinmək.
Xoşagəlməz xüsusiyyətlərin bəziləri də bunlardır: yersiz təəssübkeşlik, tələsik reaksiyalar, xoşagəlməz əyləncələr, özünü insanlara göstərmək, sərvətli olduqda israfçılıq, yoxsul olduqda haqq-ədaləti pozmaq, çətinliklərdə narazılıq etmək, başqaları, xüsusilə də zəiflərlə bədrəftarlıq, sərmayəni hədər vermək, nemətə naşükürlük, günaha israr, zülm və ədalətsizliyə yardım, etmədiyi işlərə görə təriflənmək istəyi.
Qızlara iffət və paklığı xüsusi tövsiyə edirəm. Səbəbi isə, vücudlarındakı incəliklərdən dolayı, iffət məsələsinə diqqətsizlik nəticəsində yaranan mənfi nəticələr qarşısında onların daha tez zərər görməsidir. Deməli, qızlar puç hisslərə uymamalı, ləzzətləri ötəri, mənfi nəticələri isə qavamlı olan müvəqqəti əlaqə və bağlılıqlardan uzaq durmalıdırlar. Qızlar, onların səadət və xoşbəxtliyinə zəmanət verən əbədi həyatdan başqası haqqında düşünməsinlər.
Bir qadına öz ağırlığını qoruması, mətanətli olması və rəftarına diqqət edərək, həyatına, işinə və təhsilinə davam etməsi necə də ləyaqətlidir!

5. Ailə qurmağaəhəmiyyət vermək, yubanmadan evlənib nəsil artırmaq
Ailə qurmaq insan üçün ünsiyyət bağlamaq, ləzzət almaq və işində ciddiyyət səbəbidir. İnsanda vüqar və məsuliyyət hissi yaradır və səbəb olur ki, insan bütün qüvvəsini çətin gündə faydalana bilməsi üçün sərf etsin. Evlilik onu bir sıra qanunsuz və çirkin işlərdən qoruyur. Belə ki, hədisdə deyilir: “Hər kim ailə qursa, dininin yarısını qorumuşdur”. Ən önəmlisi isə ailə təşkilinin zərurivə ən çox təkid edilmiş sünnəolub insanın fitrətindən qaynaqlanmasıdır. Bu sünnədən üz çevirən şəxs çətinliklərlə qarşılaşar; tənbəllik və xəstəliyə düçar olar. Evlənmək istədikdə yoxsulluqdan heç də qorxmaq lazım deyil, çünki Allah bir sıra ruzi səbəblərini evlilikdə qərar vermişdir, hansı ki, ilk baxışda insan ona diqqət yetirmir.
Hər bir şəxs, ailə qurmaq istədiyi insanın əxlaq, din və nəsil-nəcabətinə fikir versin:gözəlliyə, zahirə, peşəyə diqqətdə həddi aşmasın.Çünki bu mövzular aldadıcı xarakterlidir və həyat özünün sınayıcı və sərt üzünü göstərdiyi zaman bu pərdələr sürətlə ortadan qalxır. Hədislərdə, qadınla sırf gözəlliyinə görə evlənməkdən çəkindirilmişdir. Bununla yanaşı, bilmək lazımdır ki, hər kim qadınla din və əxlaqına görə evlənsə, bu vüsalda oun üçün bərəkət təyin edilmişdir.
Qızlar və onların böyükləriiş həyatını ailə qurmaqdan üstün tutmamalıdır, çünki evlilik həyatda təkid edilmiş sünnə olduğu halda, peşə seçmək müstəhəb, tamamlayıcı mövzulardandır və bundan ötrü təkidli sünnəni tərk etmək hikmətdən uzaqdır. Gəncliyinin ilk çağlarında bu məsələdən qafil olanlar tezliklə peşman olacaq və əlbəttə, bu peşmançılığın ona bir faydası olmayacaq. Bu məqama şahid həyat təcrübələri olduqca çoxdur.
Qızların valideynləri onların evliliyinin qarşısını almamalı, ağır mehr təyin etmək adət-ənənəsinə sadiq qalmamalı, yaxud əmioğluları və ya seyidlərdən biri ilə evləndirmək üçün,– hansı ki, Allah kimsəni buna əmr etməmişdir –oturub gözləməklə evlənmələrinə mane olmamalıdırlar. Səbəbi isə bu işdə bilmədikləri böyük fəsadların olmasıdır. Onlar bilməlidir ki, Allah-taalanın atalara qızları üzərində ixtiyar verməsi yalnız onların məsləhətini düşünmək, xoşbəxtliyinə təkid üçündür. Hər kim məsləhətə riayət etmədən, bir qızın ailə qurmasına mane olsa, günaha düşmüşdür və nə qədər ki, həmin qız onun bu əməlinə görə əziyyət çəkərsə, o da əməlinin acı nəticələrinə qatlaşmalı olacaq və bu işi ilə cəhənnəmin qapılarından birini öz üzünə açmışdır.

6. Xeyirxahlıqlara çalışmaq, insanlara, xüsusilə yetimlərə, dul qadınlara və məhrumlara yardım göstərmək və ictimai mənfəətli işlərlə məşğul olmaq
Bu işlər imanın artmasına və nəfsin paklanmasına səbəb olmaqla yanaşı, insana verilən xeyir və nemətlərin zəkatı, fəzilətlərin təməlini möhkəmlətmək, yaxşı işlərəvə təqvalı olmağa yardım, yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipini səssiz həyata keçirmək, cəmiyyətin quruluşunu qorumaq və xalqın ümumi mənafeyini riayət etməkdəməsul şəxslərə himayətgöstərməyi özündə yer verir və ictimai vəziyyətin yaxşılaşmasına xidmət edir. Demək, bütün bunlar bu dünyada bərəkət və axirət üçün azuqə olacaqdır.
Allah-taala birliyi və yekdilliyi olan cəmiyyəti – hansı ki, belə bir cəmiyyətin fərdləri qardaşlarının və bütüninsanların çətinliklərinə əhəmiyyətləyanaşır və özlərinə arzuladıqları hər şeyi digərlərinə də arzu edirlər – sevir və buyurur:


(وَ لَوْ أَنَّ أَهْلَ الْقُرَی آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَیْهِم بَرَکَاتٍ مِّنَ السَّمَاءِ)
“Əgər o şəhərlərin əhli iman gətirib təqvalı olsaydılar, göylərin bərəkətini üzərlərinə yağdırardıq”.


Yenə buyurur:

(إِنَّ اللَّهَ لا یُغَیِّرُ مَا بِقَوْمٍ حَتَّی یُغَیِّرُوا مَا بِأَنفُسِهِمْ)
“Həqiqətən, Allah heç bir qövmin vəziyyətini dəyişməz, nə qədər ki, özləri vəziyyətlərini dəyişməyib”.

Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) də buyurur:

"لایُؤمِنُ أحَدُکُم حتّی یحِبَّ لأخِیهِ مَا یحِبُّ لِنَفسِه و یُکرهَ لأخِیهِ مَا یُکرِهُ لِنَفسه"
“Özünüzə istədiyinizi din qardaşınız üçün istəməyincə, özünüz üçün bəyənmədiyinizi onun üçün də bəyənməyincə, sizlərdən heç birinin imanı kamil olmaz!”.

Həmçininbuyurur:

"مَن سَنَّ سُنةً حَسَنةً فَلَهُ أجرُهَا وَ أجرُ مَن عَمِلَ بها"
“Hər kim gözəl bir əməl və adət-ənənənin təməlin qoysa, onun mükafatı və ona əməl edənlərin mükafatı da ona çatar”.


7. Başqalarının işini öhdəsinə götürən kəslər istər ailə daxilində olsun, istərsə də cəmiyyətdə, öz məsuliyyətlərini düzgün yerinə yetirsinlər.
Beləliklə, atalar övladlarına, ərlər də həyat yoldaşlarına lazımınca böyüklük etsinlər. Hikmət əsasında davranaraq, ailə və cəmiyyətin hüdudlarını qorumaq məqsədilə, qəzəb və daşürəklikdən, hətta qətiyyət və ciddilik lazım gələn məqamlardan da çəkinsinlər. Çünki ciddi olmaq, ancaq bədənə xəsarət yetirmək və ya ağır sözlər işlətməkdən ibarət deyil, əksinə digər tərbiyə vəsait və metodları da vardır ki, əgər bir şəxs onları mənimsəməkistəsə, bacarıqlı və ağıllı şəxslərlə məsləhətləşsə, onları əldə edə bilər.
Bundan başqa, bir çox hallarda sərt və əsəbi rəftarlar əks təsir göstərir, düzəlməsi nəzərdə tutulan işlərin kökdən sarsılmasına səbəb olur və islah edilməsini arzuladığımız şəxsin təhqir olunmasına gətirib çıxarır. Ciddilik və qətiyyət, zülmə bais olarsa və ya səhvin düzəldilməsi, özü,başqa bir səhvə gətirib çıxararsa, heç də faydası yoxdur.
İctimai məsuliyyətlərdən birinə yiyələnən kəs, öz işinə təşəbbüs göstərməli, camaatın xeyrini güdməli və vəzifəsini yerinə yetirərkən insanların gözünə görünməyənməsələlərdə xəyanət etməməlidir. Bilməlidir ki, Allah onun və camaatın bütün işlərinə nəzarət edir və qiyamət günü ondan hesab çəkəcək. Deməli, camaatın malını qeyri-qanuni yolla istifadə etməsindən çəkinsin, onların xeyir və məsləhətinə qarşı qərar verməsin və bu mövzuda ehtiyatlı olsun.
Öz vəzifəsindən sui-istifadə edib, bir-birlərinin nöqsanlarını gizlədərək qeyri-qanuni mənfəəti və ya şübhəli malları aralarında bölmək üçün qrup və partiyayaratmasın, başqalarını layiq olduqları mənsəb və məqamlardan kənarlaşdırmasın, yaxud layiqli olduqları xidmətləri qazanmalarına maneçilik törətməsin. Əksinə işlərində hamıya nisbət bərabərliyiqorumalı, öz vəzifəsini qohumluq haqqı, yaxud başqasının yaxşılığının əvəzini çıxmaq və ya boynundakı digər şəxsi borcları ödəmək kimi məsələlərdə alət etməməlidir. Çünki ümumi hüquqlar hesabına şəxsi haqları ödəmək zülm və fəsad tərətməkdir. Deməli, əgər sizə birini seçmək üçün şərait yaransa, gücsüz, vəzifəli bir şəxsəarxalanmayan və öz haqqını almaq üçün Allahdan başqa köməyiolmayan bir kəsin sorağına gedin.
Öz əməllərinizə bəraət qazandırmaq üçün din və ya məzhəbi alət etməyin, çünki din və haqq məzhəb doğru prinsiplərin, o cümlədən, ədalətə riayət, yaxşılıq, əmanətdarlığın üzərində qurulub. Allah-taala buyurur:

(لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَیِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْکِتَابَ وَالْمِیزَانَ لِیَقُومَ النَّاسُ بِالْقِسْطِ)
“Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə, insanların ədalət və insafa əməl etsinlər deyə, kitab və ölçü vasitəsi nazil etdik...”.

Əmirəl-möminin həzrət Əli (əleyhissəlam) buyurur:

"إنّی سَمِعت رسولَ الله (صلّی‌الله‌علیه‌وآله)یَقولُ فی غَیر مَوطِن: لَنْ تُقَدَّسَ أُمَّةٌ لایُؤْخَذُ لِلضَّعِیفِ فِیهَا حَقَّهُ مِنَ الْقَوِیِّ غَیْرَمُتَعتِعٍ"
“Mən dəfələrlə Peyğəmbər Əkrəmdən (sallallahu əleyhi və alih) eşitmişəm ki, buyurardı: Qorxu və vahiməsi olmadan zəifin haqqını güclüdən alınmayan xalqa müqəddəslik yetişməz!”.

Hər kəsin əqidəsi bundan başqa olarsa, əslində puç arzu və yalançı ümidlərlə özünü aldatmışdır.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih), həzrət imam Əli (əleyhissəlam) və həzrət imam Hüseyn (əleyhissəlam) kimi ədalət rəhbərlərinin həqiqi ardıcılları o kəslərdir ki, onların sözlərinə hamıdan artıq əməl edir, sünnələrinə tabe olurlar.
Xalqın işlərini öhdəsinə götürən kəslər, Malik Əştər Misirə gedərkən həzrət imam Əlinin (əleyhissəlam) ona yazdığı məktubundakı göstərişlərəəməl etsin. Bu məktub ədalət və əmanətdarlıq prinsiplərinin təsviri ilə doludur, vəzifəsinin yuxarı-aşağı olmasından asılı olmayaraq fərdlərin halına uyğun olaraq hər kəsə faydalıdır. Bir adamın məsuliyyət dairəsi nə qədər geniş olarsa, bu məktubun göstərişlərini nəzərə alması onun üçün daha lazım və daha vacibdir.

8. Elm öyrənmək ruhuna sahib olmaq, həyatın bütün mərhələlərindəhikmət və mərifəti artırmaq
Adəm övladı öz işini, xüsusiyyətini və onların nəticələrini götür-qoy etməli, özünə dair hadisə və nəticələr haqda düşünməlidir ki,hər gün elm, təcrübə və kamalı artsın. Çünki həyat çox cəhətli və olduqca dərin bir məktəbidir! Ömür boyu insan elm, bilik və məharətdən ehtiyacsız deyil, hər bir işində, başına gələn hadisədə bir nişanə və ibrət yatır, həmçinin hər macərasında bir peyğam və incə məqam vardır. Hər kim bunlar haqda düşünsə, onların mənşəyini ilahi qayda-qanunlarda tapacaq, moizə və öyüdlərin nümunələrinə şahid olacaqdır. Beləliklə, insan Allah-taalanın görüşünə gedənə qədər elm, mərifət və məharətə möhtacdır. Elmi nə qədər artarsa, həqiqətləri tanımaq yolunda sınaq və xətaya daha az məruz qalar.
Belə ki, böyük Yaradan buyurur:

(...وَمَن یُؤْتَ الحِکْمَةَ فَقَدْ أُوتِیَ خَیْراً کَثِیرا)
“...Və hər kimə hikmət bəxş edilsə, çoxlu xeyirə nail olmuşdur”.

Habelə, Öz Peyğəmbərinə (sallallahu əleyhi və alih) buyurur:


(وَ قُل رَبّ زِدنِی عِلماً)
“De: Ey Pərvərdigarım, elmimi artır!”

Yaxşı olar ki, insan bu aşağıda qeyd olunan üç kitabla ünsiyyət qursun, dərin baxış və təfəkkürlə onlardan faydalansın:
İlk və ən dəyərli kitab Qurani-Kərimdir. Bu müqəddəs kitab Allah-taalanın bəşərə nazil etdiyi son peyğamdır. Qurani-Kərimbəşərin ağıl dəfinələrini oyatmaq, hikmət və elm çeşmələrini qaynatmaq və qəlblərin sərtliyiniyumşaltmaq üçün gəlmişdir. Nümunə olaraq, onda ibrətli hadisələrdən söz açılmışdır. Deməli, insan bu müqəddəs kitabı tilavət etməkdən özünü məhrum etməməli və tilavət zamanı Allahın xitabını dinlədiyini düşünməlidir. Çünki Allah-taala Öz kitabını risalə olaraq bütün bəşərə nazil etmişdir.
İkinci kitab “Nəhcül-bəlağə”dir.O, Quranın məzmun və incəliklərini elə aydın üslubda bəyan edir ki, insanda tədbir, təfəkkür, öyüd-nəsihət və hikmət sevərlik ruhiyyəsini dirildir. Odur ki, imkan və fürsət olduğu halda, onu oxumamaq insafdan deyil.
İnsan bu kitabı mütaliə edərkən, gərək arzularının gerçəkləndiyini, həzrət imam Əlinin (əleyhissəlam) canlı xütbələri və hikmətlinəsihətlərinə qulaq asdığını düşünsün. Elə bu məqsədlə, həzrət Əlinin (əleyhissəlam) oğlu imam Həsənə (əleyhissəlam) yazdığı məktubuna daha çox diqqət yetirsin.
Üçüncü kitab, “Səhifeyi-Səccadiyyə”: Qurani-Kərimdən götürülmüş dolğun dualar məcmusudur. Hansı ki, onda insanın üzləşdiyi hadisələr, nigəranlıqlar,düşüncələr və arzular üçün böyük dərslər var, eləcə də orada nəfsi hesaba çəkmə, tənqid etmə vəonun sirli və gizli tərəflərini kəşf etmə yolları bəyan edilmişdir. Burada “Məkarimul-əxlaq” duasının xüsusi yeri vardır.
Yalnız xatırlatmaq məqsədilə bəyan edilən bu səkkiz tövsiyəhəyatda düzgün yaşamaq yollarının təməli və əsaslarıdır. İnsan elə bu xatırlatmalar sayəsində haqq və həqiqətin nurunu, fitrətin saflığını, ağlın şahidliyini və həyat təcrübəsini tapır. İlahi peyğamlar və bəsirətli insanların öyüdləri də buna şəhadət verir. Deməli, hər bir insanın, xüsusilə güc, bacarıq, bədən və ruh qüvvəsinin yüksək həddini yaşayan gənclərin qeyd edilən nəsihətlərə əməl etmələri, yaxud buna səy göstərmələri yerinə düşərdi.Bu nəsihətlər, əslində insan həyatının səmərəsidir. Əgər onun bir hissəsini ələ gətirməkdən və ya yüksək dərəcələrinə yetişməkdən qalsa da belə, “az bəhrələnmək, hamısını tərk etməkdən daha yaxşıdır” və bu məqamların bəzilərinə sahib olmaq, onların hamısını itirməkdən daha məsləhətlidir.
Allah-taala buyurur:

(فَمَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّةٍ خَیْراً یَرَهُ * وَمَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّةٍ شَرًّا یَرَهُ)
“Hər kim zərrə qədər yaxşılıq etmişsə, onu görəcək və hər kim zərrə qədər pis iş görmüşsə, onu görəcəkdir”.

Allahdan arzum budur ki, sizləri dünya və axirət səadətinə çatdıracaq şeyə nail etsin!
Həqiqətən, bütün uğur və müvəffəqiyyətlərin sahibi-ixtiyarı Odur!

28 rәbiul-әvvәl 1437-ci hicri qәmәri ili.

العربية فارسی اردو English Azərbaycan Türkçe Français