Seyidlik və Əhli-beytə mənsubluq iddiası ilə bağlı sual-cavabın tərcüməsi.
Bismillahir-Rəhmanir-Rəhim.
Ali məqamlı mərcəyi-təqlid Hacı Seyid Əli Hüseyni Sistani cənablarının ofisi.
Günümüzdə şahidi oluruq ki, ayrı-ayrı şəxslər seyidlik iddiası edir və özlərini Əhli-beytə (ə) mənsub edirlər. Halbuki bundan qabaq onların ailəsi və nəsilləri seyidliklə tanınmamışdır. Bir çox hallarda eyni nəsildən olanlar arasında seyid olub-olmamaqla bağlı fikir ayrılığı baş verir. Bu məsələ səbəb olur ki, inanclı insanlara bir-birini təkzib etmə, incitmək, mübahisələr yaşanmaqla ictimai ziyanlar dəysin. Bəzən də bu məsələ qohumlar arasında əlaqələrin kəsilməsinə gətirib çıxarır. Seyidlik iddiasında olanlar çox vaxt hekayətlərə və nəql olunmuş sözlərə istinad edirlər. Onlara görə bu hekayətlər onların bəzi tanınmış Ələvi ailələrinə mənsub olduqlarını sübut edir. Bəzən də onlar genetik analizlərə əl atır və güman edirlər ki, genetik analiz onların Haşimi seyidlərinin nəslindən olduğunu sübut edə bilər. Bu iddianı isbatlamaq üçün nəsəb şünaslardan da yardım alanlar var. Onlar da şəcərənamə düzəltmək, babalarının, əcdadlarının adlarının oxşarlığından istifadə edərək onları məşhur seyid şəcərənamələrinə aid edirlər. Sizdən xahiş edirik ki, bu təhlükəli və narahat edici hadisə ilə əlaqədar fikrinizi bildirəsiniz.
İmza: Bir qrup dindar.
Allahın adı ilə.
Yaşadığı bölgədə seyid adı ilə tanınmayan ailə və nəsillərə aid olmayan əksinə nəsildən-nəsilə qeyri-seyid olan şəxslərə seyidlik iddiası etmək icazəli deyil. Yalnız bu halda iddia etmək olar ki, qədim dəlillərə, aydın faktlara istinad edilsin ki, əminlik əldə etmək üçün məntiqi əsas sayılsın. Söz yox ki, belə dəlilləri əldə etmək çox nadir hallarda mümkündür. Çünki keçmiş zamanlardan bu günədək bu şərif nəsəbə aid olanlar onu qorumaq üçün əllərindən gələni etmiş, adətən onların seyidliyi öz yaşadığı məntəqədə əhali arasında məşhur olmuşdur. Belə ki, onun itməsi və gizli qalması ehtimalı çox az olmuşdur.
Bu faktların əksinə olaraq seyidlik iddiası edənlər çox vaxt öz mənsubluğu üçün əminlik doğurmayan faktlara əsaslanırlar. Bu dəlillər ən çoxu güman və ehtimal yaradır ki, şəriət baxımından onlara etibar etmək olmaz. Əgər nəsəbşünasların şəcərənamə düzəldərkən iddiası güman və ehtimala əsaslanırsa – bizim zamanda buna tez-tez rast gəlinir - onların da sözünün etibarı yoxdur. Eləcə də uzaq keçmişdəki nəsəbləri isbatlamaq üçün genetik analizə əsaslanmaq düzgün deyil. Çünki bu analiz o vaxt nəsəbi sübut edə bilər ki, şəxsi ictihadlar ona müdaxilə etmədən tamamilə elmi və aydın bir metod sayılsın. Misal üçün yaxın qohumluğu məsələn övladın ata-anaya aid olmasını sübut etmək üçün. Amma uzaq qohumluqlarla əlaqədar bu mərhələyə çatmadığı tam dəqiqdir. Bu üzdən dindar insanlara lazımdır ki, dəlil və qəti fakt olmadan özlərinin mənsub etməkdən çəkinsinlər və bu mühüm məsələdə son dərəcə ehtiyat və diqqətlə əməl etsinlər. Onlara bilmək lazımdır ki, Allah-taala xalqları müxtəlif nəsəblərdən yaratmış və heç kəsə özünü başqa nəsilə aid etməyə icazə verməmişdir.
Allah-taala buyurur:
Onları (övladlığa götürlmüş uşaqları) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir.
Hədislərdə də deyilir ki, həzrət Məhəmməd peyğəmbər (s) özünü atasından başqa birisinə mənsub edən şəxsi lənətlədi. Peyğəmbər (s) məşhur olmayan nəsəb mənsubluğunu ciddi şəkildə rədd edirdi.
Buna görə də bir şəxs özü və yaxın adamları ilə bağlı bu məsələni gizli saxlasa, böyük bir günaha batmışdır. Allah taala onun mənsubluğunda xeyir və bərəkət qərar verməz. Bu səbəbdən dünyada da səadətə çata bilməyəcək. Qiyamət günü də onun üçün ağır yük olacaq. Bu insan əgər seyidliyinə görə məqam, ictimai mövqe, mal və pul əldə etsə, bu onun haqqı deyil. Çünki onu haram yolla əldə etmişdir.
Hər kəs bu məsələdə təqvalı olsa, özünü böyük bir günahdan saxlamışdır və Allah-taalanın məhzərinə izzət və ehtiramla daxil olacaq, pərhizkarlığa görə təqdirə layiq görüləcək. Əgər bir kəs keçmişdə səhvə düşübsə və düz iş gördüyünü sanıbsa, sonra haqqa tərəf qayıtsa,məlamət olunmayacaq. Yox əgər başqalarını bu səhvə qane edibsə, onlara yol göstərməli və qayıtması ilə əlaqədar şahid tutmalıdır ki, onun barəsində şək-şübhələr aradan qalxsın.
Amma bir kəs öz xətasında israrla müqavimət göstərsə, xətası böyük bir günaha çevriləcək, özünün və davamçılarının günahlarının ağırlığı onun boynuna olacaq. Bəzən nəsildə bir neçə nəfər dəlil və fakt olmadan seyid olduğunu iddia edir, belə olduqda nəslin başqa adamları onları təsdiq etməməlidir. Bu iddianın düz olmasına etiqadı olan bir şəxs, digərlərinin də bunu qəbul etməsinə israr etməməli, onların seyid olması ilə bağlı işlər görməməlidir. Bütün tərəflərə vacibdir ki, bu məsələni bir-birini təkzib etmək, düşmənçilik və əlaqələri kəsmək üçün bəhanəyə çevirməsinlər. Əksinə nəzakət və xeyirxahlıqla məsələni həll etsinlər və öz imanlı qardaşlarına ehtiramla yanaşsınlar.
Vallahul-hadi ila səvaus-səbil.