Sistani cənablarının ofisinin həkimlərin və tibb işçilərinin koronavirus xəstələrinə xidmətinə görə təşəkkür cavabı
Bismillahir-Rəhmanir-Rəhim
Ali məqamlı şiə mərcəyi-təqlidi cənab seyid Əli Sistaniyə (kölgəsi davamlı olsun).
Salam əleykum.
Məlum olduğu kimi son günlərdə koronavirus infeksiyasının yayılması ilə bağlı çox insanlar bu virusa yoluxmuşdur. Həkimlər, tibbi personal və könüllü insanlar xəstəxanalarda və müalicə mərkəzlərində dayanmadan xəstələrin və yoluxma şübhəsi olan insanların hallarının yaxşılaşdırılması istiqamətində çalışırlar. Xəstələrlə sıx əlaqələri olduğuna görə həmişə virusa yoluxmaq təhlükəsi onları təhdid etməkdədir, belə ki, onlar öz sağlamlıqlarını və bir çox hallarda həyatlarını təhlükəyə atırlar. Möhtərəm mərcəyi-təqlidin onlara mesajı nədir?
Bismillahir-Rəhmanir-Rəhim
Xəstələri müalicə etmək, onların qayğısına qalmaq və onlara aid işləri yerinə yetirmək həkimlərə, tibb işçilərinə və bu işləri görə biləcək bütün şəxslərə kifayi olaraq vacibdir. Aidiyyəti olan bütün məsul işçilərin vəzifəsi budur ki, onları bu virusa yolüxmadan qorumaq üçün bütün lazimi təchizatla təmin etsinlər. Bu işdə səhlənkarlıq və gecikdirmə baş verərsə, onlardan heç bir üzr qəbul ediləcək deyil.
Şübhəsiz ki, bu əziz insanların gördükləri iş – qarşıda olan bütün çətinliklərə baxmayaraq böyük və qiymətsiz bir əməldir. Onların işi əhəmiyyətcə bəlkə də ön cəbhədə qəhrəman döyüşçülərin ölkənin və xalqın müdafiə etməsinə yaxındır.
Sözsüz ki, Allah taala bu əziz insanların səylərinə bu dünyada qiymət verəcək və axirətdə də mükafat bəxş edəcəkdir. Ümid edirik ki, onlardan öz canını bu yolda fəda edənə qiyamət günündə şəhid məqamı və şəhid mükafatı veriləcəkdir. Biz onlara bu insani addımlarına görə dərin təşəkkür və minnətdarlığımızı bildirir və Allah-taaladan istəyirik ki, onları hər pislikdən qorusun. O, eşidən və biləndir.
21 rəcəb, 1441 hicri qəməri.