ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

NƏCASƏTLƏR → ← SULARLA ƏLAQƏDAR HÖKMLƏR

Ayaqyolu (sidik və nəcis ifrazı) ilə bağlı hökmlər

Ayaqyolu (sidik və nəcis ifrazı) ilə bağlı hökmlər
Ayaqyoluna çıxarkən vacib, yaxud haram olan hərəkətlər
Məsələ 65. İnsanın ayaqyoluna çıxarkən və eləcə də digər hallarda bədəninin məhrəm yerlərini mükəlləf şəxslərdən, hərçənd bacı və ana kimi məhrəmləri olsalar belə və həmçinin, yaxşı ilə pisi ayırd edə bildikləri təqdirdə dəli və azyaşlı uşaqdan gizlətməsi vacibdir. Lakin ər və arvadın məhrəm yerlərini bir-birindən gizlətməsi vacib deyil.
Məsələ 66. İnsanın məhrəm yerlərini məxsusi bir şeylə örtməsi vacib deyil.Əgər, məsələn, əllə örtərsə, kifayətdir.
Məsələ 67. Ayaqyoluna çıxarkən, lazım ehtiyata əsasən, bədənin ön hissəsi, yəni qarın və sinə qibləyə doğru tutulmamalı, yaxud arxası qibləyə doğru durulmamalıdır və qiblə deyərkən insanınqibləni bildiyi və hər hansı bir zərurət halı da olmadığı təqdirdə namazda üzünü tutmalı olduğu tərəf nəzərdə tutulur.
Məsələ 68. Ayaqyoluna çıxarkən bir şəxsin bədəninin ön, yaxud arxa tərəfi qibləyə doğru olarsa və sadəcə məhrəm yerləri qiblədən fərqli istiqamətə çevirərsə, kifayət deyildir. Vacib ehtiyata əsasən, ayaqyoluna çıxarkən məhrəm yerlərini də qibləyə və ya əks istiqamətə doğru çevirməməlidir.
Məsələ 69. Müstəhəb ehtiyata əsasən, istibra (istibra ilə əlaqədar hökmlərqarşıdaizah ediləcəkdir) əsnasında, habelə sidik kanalının xarici dəliyini və anus dəliyini təmizləyərkən də bədən üzü, yaxud arxası qibləyə doğru tutulmamalıdır. Xüsusən, insanın sidik kanalında sidik qaldığını və istibra ilə sidik qalığının ifraz olunacağını bildiyi halda bu ehtiyat daha artıq önəm daşıyır.
Məsələ 70. İnsan naməhrəmin onu görməməsi üçün üzü, yaxud arxası qibləyə doğru oturmağa məcbur olarsa, lazım ehtiyata əsasən, arxası qibləyə doğru oturmalıdır.
Məsələ 71. Müstəhəb ehtiyata əsasən, uşağı ayaqyoluna çıxarkən üzü, yaxud arxası qibləyə doğru oturtmaq olmaz.
Məsələ 72. Ayaqyolu çanaqları qəsdən, səhvən, yaxud məlumatsızlıq səbəbi ilə üzü və ya arxası qibləyə doğru yerləşdirilən məkanlarda, vacib ehtiyata əsasən, insan elə oturmalıdır ki, üzü, yaxud arxası qibləyə doğru olmasın.
Məsələ 73. Əgər mükəlləf qiblənin hansı istiqamətdə olduğunu bilmirsə, vacib ehtiyata əsasən, ayaqyoluna çıxması caiz deyil. Lakin qiblənin istiqamətinin öyrənilməsinə dair ümidini itirdiyi və gözləməyin mümkün olmadığı, yaxud gözləməyin həddən ziyadə çətin və ya zərərli olduğu hallar istisnadır. Təyyarələrdə, qatarlarda və gəmilərdə də buna riayət olunmalıdır.
Məsələ 74.Dörd yerdə ayaqyoluna çıxmaq haramdır:
1) sahiblərinin icazə vermədiyi dalanlarda, həmçinin yoldan keçənlərə zərər törətdiyi təqdirdə ümumi küçə və yollarda;
2) ayaqyoluna çıxmaq üçün sahibinin icazə vermədiyi şəxsi mülkiyyət ərazisində;
3) bəzi təhsil müəssisələri kimi müəyyən şəxslərin istifadəsi üçün vəqf edilmiş yerlərdə;
4) möminlərə qarşı hörmətsizlik olduğu və hətta hörmətsizlik olmadığı təqdirdə belə, möminlərin qəbirlərinin üzərinə. Yalnız həmin yerin şəriət baxımından kiminsə mülkiyyətində olmayan, mənimsənilməsi və istifadəsi üçün hər hansı bir maneə olmayan yer olması istisna təşkil edir. Həmçinin, ayaqyoluna çıxmağın din və ya məzhəbin müqəddəs şəxsiyyətlərindən, yerlərindən, rəmzlərindən birinə qarşı hörmətsizliklə nəticələndiyi yerlər də bu qəbildəndir.

Sidik kanalının xarici dəliyi və anus dəliyinin təmizlənməsi qaydası
Məsələ 75. Sidik kanalının xarici dəliyi yalnız su ilə pak olur və kür su, şəhərdə kranlardan gələn su, yaxud az su ilə bir dəfə yuyulması kifayətdir. Hərçənd, müstəhəb ehtiyata əsasən, az su ilə yuyulduqda iki dəfə yuyulmalıdır və ən yaxşısı odur ki, üç dəfə yuyulsun.
Məsələ 76. Üç halda anus dəliyi yalnız su ilə paklanır:
1) nəcislə birlikdə başqa bir nəcasət, məsələn, qan ifraz olduqda;
2) anus dəliyinə ifraz olunan nəcisdən başqa bir nəcasət də bulaşdıqda (qadınlarda idrarın axaraq anus dəliyinə dəyməsi istisnadır);
3) anus dəliyinin ətrafı normal miqdardan artıq bulandıqda.
Digər hallarda isə su ilə yumaqla yanaşı anus dəliyini su ilə yumaq, yaxud qarşıdakı məsələlərdə izah ediləcək qaydada parça, daş və bənzər şeylərlə paklamaq da olar. Hərçənd su ilə yuyulması daha yaxşıdır.
Məsələ 77. Anus dəliyi su ilə yuyulduqda nəcis tamamilə təmizlənməlidir. Lakin nəcisin rənginin, yaxud iyinin qalmasının eybi yoxdur və birinci dəfə üzərində nəcisdən bir zərrə belə qalmayacaq şəkildə yuyularsa, ikinci dəfə yuyulması vacib deyil.
Məsələ 78. Quru və pak olduğu təqdirdə daş, kəsək, parça və bu qəbildən olan şeylərlə anus dəliyini təmizləmək olar. Sadalanan şeylərin anus dəliyini islatmayacaq dərəcədə az rütubətli olmasının eybi yoxdur.
Məsələ 79. Anus dəliyi daş, kəsək, yaxud parça ilə bir dəfə tamamilə təmizlənərsə, kifayətdir. Lakin daha yaxşı olar ki, bu təmizləmə üç dəfə təkrarlansın, hətta üç ayrı parça ilə yerinə yetirilsin. Üç dəfə təkrarlanmaqla təmizlənmədiyi təqdirdə isə bu hərəkət anus dəliyi nəcisdən tamamilə təmizlənənədək təkrar edilməlidir. Lakin nəcisin adətən su ilə yuyulmadan getməyən izinin qalmasının eybi yoxdur.
Məsələ 80. Anus dəliyinin ehtiram göstərilməsi vacib olan şeylərlə, o cümlədən uca Allahın, yaxud peyğəmbərlərin (Allahın salamı olsun onlara!) adları yazılmış kağızla təmizlənməsi haramdır, sümük və peyinlə təmizlənməsinin isə eybi yoxdur.
Məsələ 81.İnsan sidik kanalının xarici dəliyi və ya anus dəliyini təmizləyib-təmizləmədiyi ilə bağlı şübhəyə düşərsə, adətən həmişə sidik və nəcis ifrazından sonra dərhal təmizləməsinə baxmayaraq, onu təmizləməsi lazımdır.
Məsələ 82. Namazdan sonra namaza başlamazdan əvvəl sidik kanalının xarici dəliyi və ya anus dəliyini təmizləyib-təmizləməməsi ilə bağlı şəkkə düşərsə, qıldığı namaz doğrudur, lakin növbəti namazlar üçün onu təmizləməlidir.

İstibra
Məsələ 83.İstibra kişilərin idrar ifrazından sonra sidik kanalını tamamilə boşaltmaq üçün etdikləri müstəhəb bir işdir və bu iş müxtəlif qaydalarda görülür. Bu qaydalardan birinə görə, sidik ifrazından sonra anus dəliyi nəcisə bulaşmışsa, öncə onu təmizləmək, sonra sol əlin orta barmağını anus dəliyindən cinsiyyət orqanının dibinədək üç dəfə çəkmək, sonra baş barmaqla cinsiyyət üzvünün üst, şəhadət barmağı ilə isə alt tərəfindən tutaraq sünnət edilən yerədək üç dəfə çəkmək, daha sonra kanalda qalan sidik damcılarının ifraz olunması üçün cinsiyyət üzvünün uc hissəsini (penis başını) üç dəfə sıxmaq lazımdır. Məninin (sperma) istibrası isə onun ifrazından sonra kanalda qalan damcıların xaric olması üçün sidiyə çıxmaq deməkdir.
Məsələ 84. Sidik kanalının xarici dəliyindən ifraz olunan (idrar və spermadan başqa) mayelər üç növdür:
1) kişilərdə bəzən şəhvani təhrik nəticəsində ifraz olunan maye – “məzy” (predeyakulyat);
2) bəzən mənidən sonra ifraz olunan maye – “vəzy”;
3) bəzən idrardan sonra ifraz olunan maye – “vədy”.
Bu mayelərin hamısı sidik kanalından ifraz olunduqdan sonra idrar, yaxud spermaya qarışmadığı təqdirdə pakdır.
Sidikdən istibranın faydası budur ki, insan sidik ifrazının ardınca istibra edərsə və sonra sidik kanalından sidik, yoxsa yuxarıda sadalanan üç növ mayedən hər hansı biri olduğunu bilmədiyi şübhəli maye ifraz olarsa, həmin şübhəli maye pak sayılır və dəstəmaz və qüslü də pozmur. Lakin əgər istibra etməmişdisə, yenidən dəstəmaz almalı və həmin yeri yumalıdır. Həmçinin, mənidən istibranın faydası bundan ibarətdir ki, əgər insandan şübhəli bir maye ifraz olarsa və mənimi, yoxsa sadalanan üç növ pak mayedən birimi olduğunu bilməzsə, həmin şəxs cünub sayılmır. Lakin əgər istibra etməzsə, sidik kanalından bir maye ifraz olarsa və onun məni olduğunu ehtimal edərsə, cünub sayılır.
Məsələ 85.Bir kişi sidikdən istibra edib-etmədiyi ilə bağlı şəkkə düşərsə və sidik kanalından pak olub-olmadığını bilmədiyi bir maye ifraz olarsa, bu maye nəcis sayılır və əgər dəstəmaz almışdısa, batil olur. Lakin etdiyi istibranın doğru olub-olmadığı xüsusunda şəkk edərsə və ondan pak olub-olmadığını bilmədiyi bir maye ifraz olarsa, bu maye pak sayılır və dəstəmazı da pozmur.
Məsələ 86. İdrardan istibra etməyən, yaxud istibra edib-etmədiyinə şübhə edən şəxs idrar ifrazından uzun müddət keçməsi səbəbi ilə kanalda idrarın qalmadığına əmin olarsa və sonra pak olub-olmadığına şəkk etdiyi bir rütubət görərsə, bu rütubət pakdır və dəstəmazı da pozmur.
Məsələ 87. İnsan idrardan sonra istibra edərək dəstəmaz alarsa, dəstəmazdan sonra ya idrar, ya da məni olduğunu bildiyi bir rütubət görərsə, namaz və dəstəmaz tələb edən digər işlər üçün ehtiyatən qüsl etməsi və dəstəmaz da alması vacibdir. Lakin əgər dəstəmaz almamışdısa, yalnız dəstəmaz alması kifayətdir.
Məsələ 88. Qadın üçün idrar, yaxud mənidən istibra yoxdur və o, özündə bir rütubət görərək sidik olub-olmadığına və ya məni olub-olmadığına dair şəkkə düşərsə, həmin rütubət pak sayılır və onun dəstəmaz və qüslünü də pozmur.

Ayaqyolu ilə bağlı müstəhəb və məkruh işlər
Məsələ 89. Müstəhəbdir ki, insan ayaqyoluna çıxmaq üçün onu kimsənin heç bir vəchlə görə bilməyəcəyi bir yerdə otursun və ayaqyoluna çıxdığı yerə daxil olarkən sol ayaqla girsin, çıxarkən isə sağ ayaqla çıxsın. Həmçinin, müstəhəbdir ki, ayaqyolu əsnasında başını örtsün və bədəninin ağırlığını sol ayağının üzərinə salsın.
Məsələ 90. Ayaqyoluna çıxarkən üzü Günəş, yaxud Aya doğru oturmaq məkruhdur, lakin məhrəm yerlər bir vasitə ilə örtülərsə, məkruh sayılmır. Həmçinin, yollarda, prospekt və küçələrdə, evlərin qapısı önündə və bar verən meyvə ağacının altında oturaraq ayaqyoluna çıxmaq məkruhdur və hətta bəzən bu qəbildən olan yerlərdə ayaqyoluna çıxmaq haramlıq ünvanı kəsb etməsi səbəbi ilə haram olur.
Məsələ 91. Ayaqyolunda nəsə yemək, həddən ziyadə ləngimək və sağ əllə yuyunmaq məkruhdur. Həmçinin, ayaqyolunda danışmaq da məkruhdur. Lakin əgər insan buna məcbur olarsa, yaxud uca Allahı zikr edərsə, eybi yoxdur.
Məsələ 92. Ayaq üstə, suyun sıçradığı möhkəm yerlərə idrar etmək məkruhdur. Həmçinin, heyvanların yuvasına, suya, xüsusən, axarı olmayan suya, üzü küləyə doğru idrar etmək məkruhdur.
Məsələ 93. İdrar və nəcisi saxlamaq məkruhdur və əgər orqanizm üçün ümumi zərəri olarsa, haramdır.
Məsələ 94. İnsanın namazdan, yuxudan və cinsi əlaqədən öncə və sperma ifrazından sonra idrar etməsi müstəhəbdir.
NƏCASƏTLƏR → ← SULARLA ƏLAQƏDAR HÖKMLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français